Balığın sağlamlığa təsiri danılmazdır və mütəxəssislər bu məhsulun rasionda mütəmadi yer almasını tövsiyə edirlər. Foodinfo.az bildirir ki, bu barədə kardioloq və reabilitasiya üzrə mütəxəssis Mariya Çaykovskaya NSN-ə müsahibəsində danışıb. Onun sözlərinə görə, həftədə iki-üç dəfə balıq yemək ürək-damar sağlamlığını qorumaq üçün kifayət edir.

Çaykovskaya bildirib ki, bu miqdarda balıq orqanizmi asan həzm olunan protein, omeqa-3 yağ turşuları və B qrup vitaminləri ilə təmin edir. Mütəxəssis qeyd edib ki, tədqiqatlar gündə 35 qram balıq istehlakının infarkt və insult riskini əhəmiyyətli dərəcədə azaltdığını sübut edir.

Ekspert vurğulayıb ki, insan orqanizmi omeqa-3 yağ turşularını özü sintez edə bilmir. Bu səbəbdən də onu qida vasitəsilə mütəmadi qəbul etmək vacibdir. Çaykovskaya əlavə edib ki, balığı düzgün şəkildə bişirib yemək həm uzunömürlülüyə, həm də ümumi sağlamlığın qorunmasına kömək edir. Həkim hər kəsi öz qida rasionuna balıq əlavə etməyə çağırıb.