Küçə yeməkləri sürətli, dadlı və əlçatan olsa da, düzgün seçilmədikdə sağlamlıq üçün ciddi risk yarada bilər. 

Foodinfo.az küçə yeməyi alarkən ilk olaraq aşağıdakı məqamlara diqqət etməyi tövsiyə edir:

1. Təmizlik və gigiyena

Küçə yeməyinin hazırlandığı yerin ümumi təmizliyi əsas meyardır. Satıcının əlcəyi, geyimi və ümumi davranışı, yeməklərin açıq havada toz, milçək və çirkə məruz qalıb-qalmaması, kəsici alətlərin və iş səthinin təmizliyi çox önəmlidir. Bu detallar qida zəhərlənməsinin qarşısını almaqda mühüm rol oynayır.

2. Yeməyin saxlanma temperaturu

Ət, toyuq, balıq və süd məhsulları mütləq uyğun temperaturda saxlanmalıdır. İsti yeməklər isti, soyuqlar isə soyuducuda olmalıdır.

Səhv temperaturda saxlanma bakteriyaların çoxalmasına şərait yaradır.

3. Çiy və bişmiş məhsulların ayrılığı

Çiy ətin, təzə tərəvəzin və hazır yeməyin eyni yerdə saxlanılması kontaminasiya yaradır. Satıcının bu qaydaya necə əməl etdiyinə diqqət etmək lazımdır.

4. Tərkibin təmizliyi və sadəliyi

Həddindən artıq yağda bişirilən, çox qat-qat qızardılan və ya tərkibi naməlum olan yeməklərdən uzaq durmaq məsləhətdir. Təzə hazırlanmış və sadə tərkibli yeməklər daha təhlükəsizdir.

5. Çörəyin və sousların vəziyyəti

Küçə yeməklərində ən çox risk yaradan hissələr souslardır.

– Mayonez və kətçupun saxlama şəraiti

– Açıqda saxlanılıb-saxlanılmadığı

– Çörəyin bayat olub-olmaması

Bunlar zəhərlənmə riskini artıran amillərdir.

6. Yüksək dövriyyə

Çox müştərisi olan və yeməyi tez-tez yenidən bişirən satıcılar daha təhlükəsiz sayılır. Uzun müddət gözləyən yeməklər daha risklidir.