Bakı şəhəri, Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə, o cümlədən paytaxt ərazisində gecə saatlarında obyektlərdən edilən oğurluq cinayətlərinin qarşının vaxtında alınması işi davam etdirilir. DİN-in mətbuat xidmətindən Foodinfo.az-a bildirilib ki, fevralın 9-da gecə saatlarında Bakıxanov qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan şirniyyat evlərindən birindən (Viva) Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Dərhal Sabunçu Rayon Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları bir neçə saniyə ərzində həmin ünvana çatıblar. Obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxslər tərəfindən sındırıldığı və oğurluq edildiyi müəyyən edilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən, 2 nəfər hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılaraq 13-cü Polis Bölməsinə təhvil verilib. Saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman qeyd edilən obyektdən oğurladıqları bir ədəd planşet və mobil telefon aşkar olunaraq maddi sübut kimi götürülüb. Bölmədə şəxsiyyətləri dəqiqləşdirilən zaman onların heç birinin yetkinlik yaşına çatmadığı müəyyən edilib. Araşdırma zamanı yetkinlik yaşına çatmayan bu şəxslərin tutulana qədər elə həmin gecə Sabunçu və Nizami rayonlarında ümumilikdə 4 geyim dükanı, mağaza və daha bir şirniyyat evindən oğurluq etdikləri, eləcə də oğurluğa cəhd göstərdikləri məlum olub. Belə ki, onlar Bakıxanov qəsəbəsində yerləşən geyim mağazasından 1 ədəd qol saatı və bijuteriya əşyaları oğurlayıblar. Eləcə də, həmin ünvanda yerləşən daha bir şirniyyat evindən oğurluğa cəhd göstəriblər. Bundan başqa saxlanılan şəxslər Nizami rayonunda yerləşən uşaq aləmi mağazasında 3 ədəd, hər birinin qiyməti təxminən 700 manat olan velosiped də oğurlayıblar. Saxlanılan şəxslərin törətdikləri oğurluqlar həmin obyektlərin təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb. Saxlanılan şəxslər barəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. "Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəhbərliyi bir daha əhalini əmin edir ki, mühafizə polisinin xidmətlərinə etibar edərək onlara müqavilə bağlayan subyektlərə məxsus bütün mülkiyyət formaları 24 saat etibarlı şəkildə qorunur", - deyə, DİN-in mətbuat xidmətindən bildirilib.