
Yay aylarının sevimli meyvəsi olan qarpız həm dadı, həm də faydaları ilə seçilir. Foodinfo.az bildirir ki, dietoloq Olqa Parşina “HealthPlus” proqramında qarpızın orqanizmdəki artıq duz və toksinləri atmağa kömək etdiyini deyib. Onun sözlərinə görə, qarpız yüksək su tərkibi ilə böyrəklərin işini aktivləşdirir.
Bu isə bədəndə yığılan tullantıların daha sürətli xaric olunmasına səbəb olur. Parşina qeyd edir ki, qarpız həmçinin C vitamini və likopinlə zəngindir, bu maddələr antioksidant təsir göstərir. Onun fikrincə, orqanizmin təmizlənməsi üçün gündə bir-iki dilim qarpız kifayət edir.
Lakin şəkərli diabet və böyrək çatışmazlığı olan şəxslər üçün qarpız qəbulu məhdudlaşdırılmalıdır. Qarpızın tərkibindəki fruktoza qan şəkərini qaldıra bilər. Mütəxəssis bildirir ki, qarpızın digər meyvə və ya qidalarla qarışdırılmadan, təkbaşına yeyilməsi daha uyğundur. Bu zaman qıcqırma və qaz problemlərinin qarşısı alınmış olur.