
Sağlam qidalanmağa üstünlük verənlərin və evdar xanımların menyusunda özünə möhkəm yer tutan yeməklərdən biri də kələm salatıdır. Həm faydalı, həm doyurucu, həm də çox asan hazırlanan bu salat hər fəsildə süfrələrin əvəzolunmazı hesab olunur.
Qidalanma üzrə mütəxəssislər bildirirlər ki, kələm salatı tərkibindəki lif, C vitamini və antioksidantlarla həm immun sistemini gücləndirir, həm də həzm sisteminə müsbət təsir göstərir.
Foodinfo.az dadlı və sağlam kələm salatın hazırlanma qaydasını təqdim edir.
Tərkibi:
- 500 qram ağ kələm (nazik doğranmış)
- 1 ədəd yerkökü (rəndələnmiş)
- 1 xörək qaşığı limon suyu və ya alma sirkəsi
- 2 xörək qaşığı zeytun yağı və ya duru yağ
- Zövqə görə duz
- İstəyə uyğun: azca şəkər tozu, şüyüd və ya qarışıq ədviyyatlar
Hazırlanması:
1. Kələmi nazik şəkildə doğrayın və duz əlavə edib əlinizlə bir az ovuşdurun ki, yumşalsın.
2. Üzərinə rəndələnmiş yerkökü əlavə edin.
3. Limon suyu və ya alma sirkəsini, zeytun yağı ilə birlikdə qarışdırın.
4. Əgər xoşlayırsınızsa, azca şəkər tozu əlavə edib qarışdırın.
5. Üzərinə doğranmış şüyüd və ya küncüt də əlavə edə bilərsiniz.
Salatı bir neçə saat öncədən hazırlayıb soyuducuda saxlasanız, dadlar bir-birinə qarışar və daha ləzzətli olar.
Tərkibi sadə, hazırlanması asan, təsiri isə faydalı olan kələm salatı həm gündəlik, həm də qonaq süfrələri üçün ideal seçimdir.