Zaqatalada sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib. İqtisadiyyat Nazirliyindən Foodinfo.az-a verilən məlumata görə, forum çərçivəsində Zaqatala rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan tütünçülük, çayçılıq, bağçılıq təsərrüfatlarının, tütün emalı və quru tütün saxlanılması üçün anbar, fındıq və çay emalı, çörək istehsalı müəssisələrinin, kənd turizmi və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. İşgüzar forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, indiyədək Zaqataladan olan 439 sahibkara 11,8 milyon manat güzəştli kredit verilib. Qeyd edilib ki, Zaqatalada kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri fındıqçılıqdır. Rayonda sənaye sahəsi üzrə ümumi məhsul istehsalının böyük hissəsini fındıq ləpəsi və ondan istehsal olunan məhsulların satışından əldə olunan gəlir təşkil edir. Xarici bazarlarda bu məhsula böyük tələbat olduğu üçün Fond tərəfindən yeni fındıq bağlarının salınması və fındıq emalı müəssisələrinin yaranması təşviq edilir. Ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fındıqçılığın inkişafı üzrə 48 investisiya layihəsinin maliyyələşdirilməsinə 7,1 milyon manat güzəştli kredit verilib. Tədbir çərçivəsində Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 28 sahibkara 3,9 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, balıqçılıq, heyvandarlıq, bağçılıq, çayçılıq, meyvə emalı, turizm və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 140-dan çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2343 investisiya layihəsinin maliyyələşdirilməsinə 107,7 milyon manat güzəştli kredit verilib. Forum çərçivəsində Zaqatala rayonunda güzəştli kredit ayrılmış fındıq emalı müəssisəsinə baxış keçirilib.