Qastroenteroloq və kliniki dietoloq Anna Kitsieva balanslı qidalanmada "zərərli" hesab edilən məhsulları tamamilə qadağan etməməyi tövsiyə edir. Foodinfo.az bildirir ki, həkimin fikrincə, belə qadağalar psixoloji və emosional baxımdan əlavə gərginlik yarada bilər.

Gazeta.Ru-ya açıqlamasında mütəxəssis vurğulayıb ki, qida yalnız maddələr mübadiləsini təmin edən vasitə deyil, eyni zamanda insan emosiyaları, vərdişləri və sosial davranışları ilə sıx bağlıdır. Onun sözlərinə görə, sərt pəhrizlər çox zaman pozulur və bu, günahkarlıq hissi ilə yanaşı, həddindən artıq qidalanmaya səbəb olur.

Kitsieva hesab edir ki, hər hansı bir məhsulu tam qadağan etmək orqanizm üçün stress yaradır. Bu isə bir çox insanın psixoloji gərginliklə mübarizədə qidaya sığınmasına yol açır.

O, sağlam qidalanma modelində 80 faiz rasionun zülal, yağ, karbohidrat və liflərlə zəngin məhsullardan, 20 faizinin isə zövq üçün qəbul edilən, lakin bəlkə də "sağlam" hesab olunmayan yeməklərdən ibarət olmasının daha real yanaşma olduğunu bildirib.

Mütəxəssis əlavə edib ki, belə yanaşma həm psixoloji balansı qoruyur, həm də uzunmüddətli qidalanma davranışlarını formalaşdırmağa kömək edir.