İsti yay günlərində dondurma həm sərinlik gətirir, həm də əhvalı yüksəldir. Lakin endokrinoloq Veronika Neudaxina hesab edir ki, bu desert hər kəs üçün uyğun deyil və bəzi şəxslər onu ehtiyatla qəbul etməlidirlər.

Mütəxəssis bildirir ki, ideal dondurma tərkibində yalnız bir neçə maddə olmalıdır: süd, qaymaq, təbii şirinləşdiricilər (məsələn, bal) və təbii dadlandırıcılar – vanil, şokolad, meyvələr və ya meyvə şirəsi. Ən çox çəkinmək lazım olanlar isə hidrogenləşdirilmiş yağlar (marqarin, palma yağı), süni dad və rəngvericilərdir. Bunlar ürək-damar sistemi üçün zərərli ola və allergik reaksiyalara səbəb ola bilər.

O əlavə edib ki, bəzi maddələr – məsələn, hidroliz olunmuş soya zülalı – allergiyası olan insanlarda ciddi narahatlıq yarada bilər. Stabilizator və emulqatorların orqanizmə təsiri isə hələ tam öyrənilməyib.

Neudaxina qeyd edir ki, sağlam böyüklər üçün gündəlik dondurma norması 100–150 qramdır. Dondurma zövq vasitəsidir və miqdarına nəzarət edilməklə balanslı qidalanmanın bir hissəsi ola bilər.

Lakin süd əsaslı dondurmalar laktaza çatışmazlığı olan insanlar üçün narahatlıq yarada bilər – şişkinlik, ishal və qarın ağrısı kimi hallar müşahidə olunur. Bu şəxslərə kokos, soya, badam südü əsasında hazırlanan dondurmalar və ya sorbet, meyvə buzu tövsiyə olunur.

Dondurmanı diqqətlə seçməli digər qrup isə şəkərli diabet xəstələridir. Şəkərli variantlar qan şəkərini sürətlə yüksəldə bilər. Belə şəxslər yalnız həkimin tövsiyə etdiyi şirinləşdiricilərlə hazırlanan dondurmalardan istifadə etməlidirlər.