
İsti havalarda “fast-food” kimi yağlı və ağır qidaların orqanizmə mənfi təsiri bir neçə dəfə artır. Foodinfo.az bildirir ki, bu barədə endokrinoloq Darya Xaykina “Gazeta.ru”ya danışıb.
Həkim qeyd edib ki, yayda insanın həzm sistemi daha həssas olur və yağlı yeməklər orqanizmdə narahatlıq, şişkinlik, yuxululuq, susuzlaşma, təzyiq dəyişkənliyi və ödemlərə səbəb ola bilər. Bu hallar xüsusilə yaşlılar və xroniki xəstəliyi olan şəxslər üçün risklidir.
Xaykina vurğulayıb ki, qədimdən bəri insanlar yay aylarında daha yüngül və təbii qidalarla – tərəvəz, göyərti, giləmeyvə, süd məhsulları və yarmalarla qidalanmağa üstünlük veriblər. Onun fikrincə, bu yanaşma həm orqanizmin adaptasiyasına kömək edir, həm də qida ilə bağlı riskləri azaldır.
Həkim isti aylarda “fast-food” kimi məhsullardan imtina etməyi, onun əvəzinə rasiona bol maye və təbii məhsullar daxil etməyi tövsiyə edir. Beləliklə, həm maddələr mübadiləsi yüngülləşir, həm də istilərin təsiri orqanizmə daha az zərər vurur.