
Stress yalnız psixoloji vəziyyətə deyil, həm də mədə-bağırsaq sisteminə ciddi təsir göstərir. Foodinfo.az xəbər verir ki, stressin uzunmüddətli təsiri qastrit, reflü, həzm pozuntuları və hətta xroniki bağırsaq xəstəliklərinə yol aça bilər.
Almaniyalı gastroenteroloq Dr. Peter Malfertheiner “Deutsche Welle”yə verdiyi açıqlamada deyib: “Stress zamanı bədəndə kortizol hormonu artır, bu da mədənin turşu ifrazını çoxaldır və qıcqırma, ağrı və diskomfort yaradır”. Onun sözlərinə görə, həzm problemlərinin əhəmiyyətli bir hissəsi məhz psixoloji amillərlə bağlıdır.
Tədqiqatlar göstərir ki, stress həmçinin bağırsaq mikroflorasının balansını pozur. Bu hal ishal, qəbizlik və qida mənimsənilməsində problemlərə səbəb olur.
Mütəxəssislər stressin idarəsi üçün nəfəs məşqləri, müntəzəm fiziki aktivlik və meditasiya tövsiyə edirlər. Bundan başqa, kofein və spirtli içkilərin məhdudlaşdırılması mədə-bağırsaq şikayətlərini azaldır.
Həkimlər bildirirlər ki, mədə və bağırsaq sağlamlığı yalnız qida ilə deyil, həm də zehni vəziyyətlə sıx bağlıdır və psixoloji sabitlik həzm prosesini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.