Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən irəli sürülən və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatının (WHO) Kodeks Etimad Fondu Katibliyi tərəfindən uğurlu layihə olaraq qəbul edilmiş “Dayanıqlı və yüksək səviyyədə təşkil olunmuş Milli Kodeks Sisteminin yaradılması üçün Azərbaycan Respublikasına dəstək” layihəsi üzrə fəaliyyətinin koordinasiyası üçün Agentliyin əməkdaşı Fuad Mərdiyev “Milli Layihə Koordinatoru” olaraq təyin olunub.
2021-ci ilin yanvar ayından icrasına başlanılan layihə 3 il müddəti əhatə edəcək. Foodinfo.az-ın xəbərinə görə, layihə çərçivəsində AQTA-ya Milli Kodeks sisteminin fəaliyyətinin daha səmərəli təşkili üçün müvafiq normativ bazanın yaradılması, milli qanunvericiliyin tərkib hissəsi olan sanitar və fitosanitar norma və qaydaların Kodeks standartlarına uyğun olaraq hazırlanması və təkmilləşdirilməsi, eləcə də Kodeks Komissiyasının fəaliyyətinə cəlb olunan bütün iştirakçılar arasında kommunikasiyanın gücləndirilməsi sahələrində dəstək göstəriləcək. Layihə çərçivəsində Kodeksin işinin daha səmərəli təşkili məqsədilə bu sahədə bütün maraqlı tərəflərin (istehlakçılar, sahibkarlar, dövlət müəssisələri) ətraflı maarifləndirilməsi üçün xüsusi tədbirlər nəzərdə tutulub.
Qeyd edək ki, layihənin əsas məqsədi Kodeksin işində daha fəal və yaxından iştirakın təmin edilməsi, güclü və dayanıqlı milli Kodeks sisteminin qurulmasına yönəlmiş fəaliyyətlərin həyata keçirilməsidir.