Yanvarın 18-22-də onlayn Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumu keçiriləcək.
Foodinfo.az xəbər verir ki, beynəlxalq forum hər il dünya ölkələrindən müxtəlif hökumət nümayəndələrini bir araya gətirərək qlobal kənd təsərrüfatı və ərzaq siyasətini müzakirə edir. Forumda Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov iştirak edəcək.
Beynəlxalq forumda əsasən “Koronavirus pandemiyasının kənd təsərrüfatına təsirləri”, “Aqrar sahə pandemiyanin qarşısını necə ala bilər”, “Aqrar sahə necə iqlimə davamlı ola bilər” mövzuları ilə bağlı panel müzakirələr olacaq. Forumda dünyanın 70 kənd təsərrüfatı naziri iştirak edəcək, forumun sonunda yüksək səviyyəli rəsmilər bəyannamə qəbul edəcəklər.
Vurğulanır ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dünyada aclıqdan əziyyət çəkən insanlarla bağlı hesabatı narahatlıq doğurur. Belə ki, 2018-ci ildə dünyada 680 milyon insanın, 2019-cu ildə isə 690 milyon insanın qida təminatı kifayət qədər deyil. Artıq beşinci ildir ki, dünya miqyasında aclıq çəkənlərin sayı artmaqdadır. Pandemiyanın təsirləri ilə dünyada aclıq çəkənlərin sayı daha da arta bilər. Forumda bu məsələlərə də diqqət çəkiləcək.
FAO-nun Baş direktoru QU Dongyu bildirib ki, 2021-ci il davamlı islahat və səmərəlilik və artırılmış effektivlik ilidir. BMT-nin Davamlı İnkişaf Məqsədlərinə nail olmaq və aqrar sahədə transformasiyaya nail olmaq üçün danışıqları davam etdirməliyik.