Dünya xalqlarının mətbəxi milli mədəniyyətin ən yaxşı təşviqatçıları sırasındadır. Meksika mətbəxi yalnız meksikalıların və bu Latın Amerikası ölkəsini ziyarət edən çoxsaylı turistlərin ağız dadını oxşamır, eyni zamanda, zəngin Meksika mədəniyyətinin bir hissəsini ölkə hüdudlarından kənarda nümayiş etdirir. Bu ölkənin milli mətbəx hər il 39 milyondan çox turisti Meksikanı ziyarət və kəşf etməyə cəlb edən mühüm amillərdən biridir.
Meksikanın ölkəmizdəki səfirliyindən bildirilib ki, azərbaycanlıları bu ölkənin mədəniyyəti, ələlxüsus mətbəxi ilə daha yaxından tanış etmək məqsədilə səfirliyin “Meat” restoranı ilə əməkdaşlığı əsasında Meksika milli təamlarının təqdimatı təşkil edilib.
Tədbirdə Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini ölkəsinin mətbəxi barədə məlumat verib. Bildirib ki, ölkəsinin milli mətbəxi 2010-cu ildə UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Vurğulayıb ki, bu sektor turizm və milli iqtisadiyyat üçün böyük əhəmiyyət kəsb edir, ölkədə 5,5 milyon iş yeri yaradır. Milli mətbəx nəsillər vasitəsilə ötürülərək Meksika xalqının qeyri-maddi dəyərlərini təşkil edir.
Sonra tədbir iştirakçıları “Mariaçi Bakı” qrupunun musiqili sədaları altında Meksika milli mətbəxi, mədəniyyəti, adət-ənənələri ilə tanış olublar.