Yanvarın 19-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert arasında telefon danışığı olub. Tərəflər arasında Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində görülən işlər müzakirə olunub.
Foodinfo.az xəbər verir ki, Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan bitkiçilik məhsulları üzərində həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlı məlumat verən Q.Təhməzli hər iki qurumun mütəxəssislərinin iştirakı ilə real vaxt rejimində istixanalarda aparılan birgə monitorinqlərin məsələnin obyektiv öyrənilməsi və həlli istiqamətində xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Sergey Dankvert iki ölkə arasında qida təhlükəsizliyi, həmçinin bitki sağlamlığı sahələrində əməkdaşlığın hazırkı vəziyyətini müsbət qiymətləndirərək qida məhsullarının, xüsusilə bitkiçilik məhsulları sahəsində ticarət dövriyyəsinin artırılması istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələlər və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparıb.