Sidik kisəsi problemləri yaşayanların həyat keyfiyyətini artırmaq üçün qida rejimi böyük rol oynayır. Foodinfo.az bildirir ki, Çinin Lançjou Universitetinin İkinci Xəstəxanasının tədqiqatçıları qeyd ediblər ki, yetkin insanlar arasında Aralıq dənizi pəhrizinə riayət edənlərdə hiperaktiv sidik kisəsi sindromu (HSS) daha az müşahidə olunur.

Hiperaktiv sidik kisəsi sindromu tez-tez sidik ifrazı istəyi ilə müşayiət olunur və bəzən qeyri-ixtiyari sidik ifrazı ilə nəticələnir. Xəstəlik yaş artdıqca, xüsusilə qadınlarda daha çox rast gəlinir və gündəlik həyatın keyfiyyətini xeyli azaldır.

Tədqiqatçılar 2005–2018-ci illərdə ABŞ-da 65 yaşdan kiçik 23 min nəfərin qida vərdişlərini və Aralıq dənizi pəhrizinə riayət dərəcəsini analiz ediblər. Bu pəhrizdə tərəvəz, meyvə, paxlalılar, tam taxıllar, balıq və zeytun yağı üstünlük təşkil edir. Nəticələr göstərib ki, pəhrizə sadiqlik artırca, hiperaktiv sidik kisəsi riski azalır.

Xüsusilə yüksək sadiqlik göstərən qrupda HSS riski ən az sadiq qida rejimi izləyənlərlə müqayisədə 17% aşağı olub. Tədqiqatçılar həmçinin qeyd ediblər ki, pəhriz və xəstəlik riski arasındakı əlaqə qeyri-xətti olub və təsir daha çox aşağı gəlir səviyyəsinə malik insanlarda nəzərə çarpıb.

Tədqiqatın müəllifləri nəticə çıxararaq bildiriblər ki, dərman müalicəsinin məhdudiyyətlərini nəzərə alaraq, qida rejimini dəyişdirmək ucuz, dayanıqlı və effektiv profilaktik üsul kimi HSS simptomlarının qarşısını almağa kömək edə bilər.