Ölkədə heyvan sağlamlığının və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalının təmin olunması məqsədilə zəruri məlumatların elektron məlumat bazasında toplanması davam etdirilir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı, Dünya Bankının dəstəyi ilə aparılan heyvanların identifikasiyası və qeydiyyatı prosesi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunu əhatə edib. 2021-ci il 15 dekabr - 2022-ci il 17 may tarixlərində sözügedən ərazilərin ailə-kəndli və fermer təsərrüfatlarında 42324 sayda iribuynuzlu heyvan identikləşdirilərək, həm təsərrüfat, həm də heyvanlar haqqında məlumatlar elektron sistemə daxil edilib. Fərdi qeydiyyata alınaraq, identikləşdirmə nömrəsi verilən heyvanlardan 18936-sı Bakı şəhəri, 20178-i Abşeron rayonu, 3210-u isə Sumqayıt şəhərinin payına düşür. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, toplanan məlumatlar Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemində (HİQS) yer alır. Ölkədə yeni yaradılmaqda olan sistem heyvanların məruz qaldığı xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınaqı və nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir. Həmçinin sistemin əsas fuksiyalarına tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması daxildir. “Fermadan süfrəyədək” prinsipinə əsaslanan sistem heyvan mənşəli qida məhsullarının izlənilməsi və təhlükəsizliyi, insan sağlamlığının təmin olunması və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına öz töhfəsini verəcəkdir.