Bir çox valideynlər alkoqolsuz pivənin tamamilə təhlükəsiz olduğunu və sağlamlığa heç bir zərər verməyəcəyini düşündüklərinə görə, onu uşaqlarına da daddırırlar. Lakin bu fikir səhvdir.
Foodinfo.az xəbər verir ki, mövzu ilə bağlı pediatr Mariya Vorotıntseva xəbərdarlıq edib.
"Bu içkini spirtsiz hazırlamaq mümkün deyil. Alkoqolsuz pivədə də 0,5-1,2% spirt var. Uşağın hələ bərkiməmiş orqanizmində onu parçalaya bilən fermentlər yoxdur, ona görə də alkoqolun kiçik dozaları belə əhəmiyyətli zərər verə bilər", - deyə həkim izah edib.
Onun sözlərinə görə, pivə həm uşaqlara, həm də böyüklərə zərər verən bir sıra xüsusiyyətlərə malikdir. Belə ki, onun tərkibində ürək əzələsinin fəaliyyətinə mənfi təsir göstərən və pivə köpüyünü stabilləşdirən kobalt var.
Pivənin tərkibində olan fitoestrogenlər yetkinlik dövrünə qədəm qoyan yeniyetmələr üçün xüsusilə təhlükəlidir: qızlarda menstruasiya pozulur, oğlanlarda isə bədən qadın tipinə uyğun olaraq formalaşır.
Fermentasiya zamanı əmələ gələn füsel yağları da bütün orqanizmə zəhərli təsir göstərir. Bütün bunlarla yanaşı, hətta spirtsiz pivə uşaqda bu içkiyə qarşı güclü vərdiş formalaşdıra bilər.
Fərid