Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) səlahiyyətlərinə aid məsələlərlə bağlı AQTA-nın Çağrı Mərkəzinə daxil olan bütün müraciətlərə həssaslıqla yanaşılır, o cümlədən sorğu, sual, ərizə, təklif və şikayətlərin qəbulu, baxılması, araşdırılması və operativ cavablandırılması daim diqqətdə saxlanılır. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, “1003 – Çağrı Mərkəzi”nə daxil olan növbəti şikayət Bərdə rayonunun Mirzəxan kəndində yerləşən sexdə antisanitar vəziyyətdə saçaqlı pendir istehsalı və obyektin qeydiyyatdan keçmədən fəaliyyət göstərməsi ilə bağlı olub. Müraciət əsasında Agentliyin əməkdaşları tərəfindən müvafiq qaydada araşdırmalar aparılıb. Yoxlama nəticəsində müəssisənin “Yeyinti məhsulları haqqında” Qanuna zidd olaraq, qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi qeydə alınıb. Nəticədə “İnzibati Xətalar Məcəlləsi”nin 220.2-ci maddəsi üzrə inzibati xətanı törətdiyinə görə məsul fiziki şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Qeyd edək ki, qanunların aliliyinin təmin edilməsi, müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, sui-istifadə əməllərinin qarşısının alınması, fəaliyyətin təkmilləşdirilməsi, xidmət keyfiyyətinin ölçülməsi və yüksəldilməsi, eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə AQTA-da Çağrı Mərkəzinə daxil olmuş müraciətlərin mütəmadi təhlili aparılır, müvafiq tədbirlər həyata keçirilir. Agentlik ümumi fəaliyyətin daha effektiv və səmərəli təşkili üçün vətəndaş cəmiyyəti strukturlarını proseslərdə yaxından, fəal iştiraka dəvət edir, vətəndaş cəmiyyətinin hər bir üzvünü istehlakçı olaraq ictimai nəzarətdə fəal olmağa çağırır.  Həmçinin vətəndaşlardan qida sahəsində qarşılaşdıqları neqativ hallarla bağlı “1003 – Çağrı Mərkəzi”nə və ya aidiyyəti üzrə hüquq mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.