Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, Agentliyin fitosanitar müfəttişləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları ilə birgə Bərdə, Tərtər və Ağdam rayonlarında yerləşən 37 ha park və yaşıllıqlarda monitorinqlər keçirib. Monitorinqlər nəticəsində Bərdə Mərkəzi Parkında 1,4 ha sahədə karantin tətbiq edilən zərərverici - Yaponiya yalançı qalxanlı mumlu yastıcası (Ceroplastes japonicus) ilə zəif, 0,3 hektarda isə yüksək sirayətlənmə aşkar olunub. Aşkar edilmiş halla bağlı karantin tətbiq edilən zərərvericilərlə yüksək sirayətlənmə müşahidə olunan ərazidə təcili kimyəvi mübarizə tədbirlərinin aparılması üçün müvafiq quruma müraciət olunub.