Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi monitorinqləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, agentlik əməkdaşları 2021 - ci il aprel - iyun ayları ərzində Qazax, Tovuz, Gədəbəy rayonlarında Daxili İşlər Nazirliyinin rayon polis şöbələri və rayon icra hakimiyyətlərinin əməkdaşları ilə birgə heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirib. Reydlər zamanı 35 heyvan kəsimi və ət satışı məntəqəsinin antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan fəaliyyət göstərdiyi aşkar edilib. Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan qanunsuz heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb. Qanun pozuntusu aşkar edilmiş 6 heyvan kəsimi və ət satışı məntəqəsinin səlahiyyətli nümayəndəsi barəsində qanunvericiliyə uyğun olaraq inzibati qaydada müvafiq tədbirlər görülüb, 29 məntəqənin səlahiyyətli nümayəndəsinə isə xəbərdarlıq edilib. Eyni zamanda, Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri üçün zəruri məlumatlar verilib. Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə, qanunazidd fəaliyyət göstərməməyə, vətəndaşları isə bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün prosesdə fəal iştiraka dəvət edir. [gallery ids="38200,38201,38202,38203"]