Azərbaycan Respublikasının Qida Təklükəsizliyi Agentliyi (AQTA) tərəfindən Gəncədə qida sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, Gəncə ilə yanaşı Samux, Göygöl, Naftalan və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların iştirak etdiyi görüşdə AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində son illər həyata keçirilən tədbirlər haqqında iştirakçıları məlumatlandırıb, qida sənayesi sektorunda müasir standartların tətbiqindən danışıb. Bildirib ki, idxal-ixrac əməliyyatları zamanı qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına nəzarət imkanları daha da genişləndirilib. Həyata keçirilən islahatlar Azərbaycanın kənd təsərrüfatı və qida sənayesi sektorları üzrə ixracatın inkişafına töhfə verməklə yanaşı, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz məhsulların istehsalına köməklik göstərir.
Tədbirdə sahibkarları maraqlandıran məsələlər müzakirə olunub, heyvan sağlamlığı sahəsinə nəzarət sisteminin formalaşdırılması, heyvan kəsiminin tənzimlənməsi, bitkiçilik məhsullarının zərərli orqanizmlərinə qarşı mübarizə tədbirlərinin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda zərərli orqanizmlərə qarşı kimyəvi maddələrin ən son həddə istifadə olunması və bu zaman norma və qaydalara riayət edilməsi tövsiyə olunub.
Sonda sahibkarlar tərəfindən ünvanlanan suallar cavablandırılıb və onların problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılıb.
[gallery ids="44539,44540"]