Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Macarıstanın Qida Zəncirinə Nəzarət Qurumunun nümayəndə heyəti arasında görüş keçirilib. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüşdə ilkin tanışlıq məqsədilə nümayəndə heyətləri qarşılıqlı təqdimatla çıxışıb ediblər. Azərbaycandan bitkiçilik məhsullarının Macarıstan və digər Aİ ölkələrinə ixracına texniki dəstək göstərilməsi, eləcə də gələcək əməkdaşlıq imkanları müzakirə olunub. 2022-ci il 3 fevral tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya”nın 8-ci iclasının protokolu və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nda qida təhlükəsizliyi sahəsi üzrə öz əksini tapmış müddəalar ətrafında fikir mübadiləsi aparılıb və əməkdaşlığın həyata keçirilməsi istiqamətində tədbirlər müəyyənləşdirilib. Tədbirdə 2021-2022-ci illər ərzində Azərbaycan ilə Macarıstan arasında qida məhsulları, fitosanitar və baytarlıq nəzarətində olan məhsulların idxal-ixrac əməliyyatları ilə bağlı müzakirələr aparılıb. Macarıstandan ölkəmizə əsasən canlı bitki, şokolad, konservləşdirilmiş tərəvəz və ət məhsullarının idxal olunduğu, ölkəmizdən Macarıstana isə meyvə-tərəvəz şirəsi və hazır sousların ixrac olunduğu vurğulanıb. Bildirilib ki, qeyd edilən idxal-ixrac əməliyyatlarının müvafiq prosedurlara uyğun həyata keçirilməsi təmin olunub, ortaya çıxan texniki çətinliklər işçi qaydada həll edilib. Görüşdə Anlaşma Memorandumu və Hökumətlərarası Komissiyanın Protokolunun icrasının təmin edilməsi çərçivəsində qida məhsullarının izlənilə bilməsi və geri çağırılması sahəsində, eyni zamanda yem məhsulları, qida və yem əlavələri, bioloji aktiv qida məhsulları, qida məhsulları ilə təmasda olan materialların dövlət qeydiyyatına alınması ilə bağlı təcrübə mübadiləsinin həyata keçirilməsinə dair razılıq əldə olunub.