Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri ilə birgə Bakı şəhəri və respublikamızın bölgələrində fəaliyyət göstərən heyvandarlıq müəssisələri, kəsim məntəqələri və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda iş prosesi ilə yaxından tanış olub, mövcud vəziyyət mütəxəssislər tərəfindən yerində qiymətləndirilib. Foodinfo.az-ın məlumatına görə, heyvandarlıq müəssisələrinin fəaliyyəti ilə tanışlıq prosesində heyvan sağlamlığı və yoluxucu heyvan xəstəlikləri ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlər, təsərrüfatlarda baytarlıq nəzarətinin gücləndirilməsi. baytarlıq-sanitariya tələblərinin yerinə yetirilməsi, heyvanların qeydiyyat sisteminin qurulması ilə bağlı görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb. Birgə səfər çərçivəsində 12-13 mart tarixlərində Bakı şəhərində "AzMeat Production”, “AzProtein Foods Group”, Hacıqabul rayonunda yerləşən “Anqus Heyvandarlıq Kompleksi”, Ağcabədi rayonunda fəaliyyət göstərən özəl qoyunçuluq təsərrüfatları və heyvan kəsimi məntəqələrinə baxış keçirilib. Eyni zamanda müvafiq qurumun nümayəndələri ilə birgə Göygöl rayonunda yerləşən Kənd Təsərrüfatı Nazirliyi Respublika Suni Mayalanma Mərkəzi, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda mütəxəssislərin iştirakı ilə görüşlər keçirilib. Həyata keçirilən görüşlərdə heyvandarlıq məhsullarının qonşu ölkələrə, xüsusilə, Türkiyə Respublikasına ixrac imkanları, heyvan sağlamlığı və baytarlıq nəzarəti sahəsində işin daha səmərəli təşkili, həmçinin heyvanların qeydiyyat sisteminin qurulması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi müzakirə olunub. Hazırda mütəxəssislərdən ibarət nümayəndə heyətinin bölgələrdə səfəri davam edir. [gallery ids="35351,35352"]