Azərbaycanda son illərdə fındıqçılıq təsərrüfatı bitkiçilik məhsulları sahəsində ixrac potensialının genişlənməsinə öz müsbət təsirini göstərib. Belə ki, Azərbaycan fındıq ixracına görə dünyada 3-cü yeri tutur və ölkəmizdə yetişdirilən fındıq sortları öz keyfiyyəti ilə xarici bazarlarda yüksək qiymətləndirilir. Fındıq ixracının daha da genişlənməsi və yarana biləcək problemlərin əvvəlcədən qarşısının alınması istiqamətində 2019-2020-ci illərdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Şəki-Zaqatala bölgəsində monitorinqlər aparmışdır. “Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac olunan fındıq məhsullarının tərkibində aflatoksinin miqdarının yüksək olması ilə bağlı risklərin idarə edilməsinə dair” tədbirlər planına uyğun olaraq elmi-tədqiqat işləri aparılıb və fındıq məhsullarının dövriyyəsinin tənzimlənməsində müasir tələblər, onun yığımı, daşınması, qurudulması, saxlanılması və ixracı, habelə, aflatoksinin quruluşu, yaranma səbəbləri, qida məhsullarında miqdarı, əmələ gəlməsinin qarşısının alınması yolları, insan və heyvan sağlamlığına təsiri ilə bağlı müxtəlif araşdırmaların nəticələri təhlil edilib. Foodinfo.az-ın məlumatına görə, bu elmi araşdırmalardan: “Fındıqların aflatoksinlə çirklənməsinin qarşısının alınması və azaldılması norma və qaydaları”, “Emal olunmuş fındığın keyfiyyət göstəriciləri”, “Qurudulmuş fındıq ləpəsinin keyfiyyət göstəriciləri”, “Qabıqlı fındıqların keyfiyyət göstəriciləri” adlı 4 təlimat hazırlanıb. Tədqiqatların nəticəsi göstərir ki, nəm və çürük fındıqlarda aflatoksinin miqdarının yüksək olmasına səbəb məhsulun fermerlər tərəfindən yığımdan sonra dərhal qurudulmaması və polietilen kisələrdə saxlanılmasıdır. Bununla əlaqədar, AQTİ tərəfindən sahibkarlar arasında geniş maarifləndirilmə işləri aparılıb. Sahibkarların diqqətinə çatdırılıb ki, kif göbələyinin formalaşması bağdan başlayır, erkən məhsul yığımı və ya uyğunsuz qurudulma səbəbindən aflatoksin inkişaf edir; saxlanılma və daşınma müddətində isə yoluxma daha da artır. Kif göbələkləri qidalarda mikrobiloji çirklənmələrə, qida çürümələri və ya qida zəhərlənmələrinə səbəb olurlar. Beləliklə də, qidanın tərkibi, qida pH-ı, su aktivliyi, təbii mikroflora, ətraf mühitin kimyəvi və fiziki xüsusiyyətləri, saxlanılma temperaturu və anbarların nəmliyi mikroorqanizmlərin inkişafına təsir edən vacib amillərdir. Qeyd edək ki, 2017-2018-ci illər ərzində Avropanın müxtəlif ölkələrinə Azərbaycandan ixrac olunan fındıq məhsulları ilə bağlı 36, 2019-cu ildə 10 geri qaytarılma halı qeydə alınıb. Həyata keçirilən tədbirlər nəticəsində 2020-ci ildə Avropa Birliyinə ixrac olunan fındıq məhsullarına dair cəmi 1 geri qaytarılma halı qeydə alınıb.