Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, peşəkar kadrlarla təmin olunması, eləcə də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Foodinfo.az-ın məlumatına görə, AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında da qabaqcıl texnologiyaların tətbiqi istiqamətində maddi-texniki baza mütəmadi olaraq zənginləşdirilir, müayinələrin beynəlxalq tələblərə uyğun həyata keçirilməsi üçün beynəlxalq laboratoriyalararası səriştəlilik (Proficiency test) sınaqlarında iştirakı təmin edilir. Belə ki, laboratoriya növbəti dəfə İngiltərənin VETQAS (APHA SCIENTIFIC) şirkəti tərəfindən təşkil edilmiş və dünyanın müxtəlif ölkələrindən 29 laboratoriyanın da iştirak etdiyi heyvanlarda qarayara xəstəliyinin (PT0002 Bacillus anthracis) müayinəsi üzrə səriştəliliyin artırılması test proqramlarında iştirak edərək uğurlu nəticə əldə edib. Sınaqlar tələblərə uyğun olaraq, bakterioloji müayinə üsullarının tətbiqi ilə aparılmışdır.
Qeyd edək ki, Mərkəzi Baytarlıq Laboratoriyası indiyədək İngiltərənin VETQAS (APHA SCIENTIFIC) şirkəti, Pirbright İnstitute, FAO tərəfindən təşkil edilmiş səriştəlilik test proqramlarında uğurla iştirak edib. Laboratoriyada istifadə edilən müasir cihaz və avadanlıqlar patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələri həyata keçirməyə imkan verir.