Ölkəmizdə əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsullarına olan tələbatının davamlı təmin edilməsi, beynəlxalq ticarət bazarında yerli məhsulların imicinin daha da yaxşılaşdırılması, istehlakçıların sağlamlığının qorunması və hüquqlarının müdafiəsi, habelə gələcək nəsillərin sağlamlığının qorunması məqsədilə milli qida təhlükəsizliyi sisteminin möhkəmləndirilməsi qarşıya qoyulmuş əsas məqsədlərdəndir. Milli qida təhlükəsizliyi sisteminin möhkəmləndirilməsi və inkişafı üçün qida təhlükəsizliyi ilə bağlı göstəricilərin izlənilməsi və qanunvericiliyə uyğun olaraq ardıcıl nəzarət tədbirlərin həyata keçirilməsi zəruri əhəmiyyət kəsb edir. Agentlikdən Foodinfo.az-a bildirilib ki, bununla bağlı olaraq, bu sahədə beynəlxalq təcrübəyə uyğun və ölkə ərazisində mövcud qida təhlükəsizliyi problemlərinin ətraflı araşdırılması nəticəsində, ölkəmiz üçün prioritet hesab olunan 16 istiqamətdə 2020-ci il üzrə qida təhlükəsizliyi sahəsində mövcud vəziyyəti əks etdirən sənəd tərtib olunub. Mövcud vəziyyətin vizual təqdimatını əks etdirən həmin sənədə əsasən ölkəmizdə 2020-ci ildə qida təhlükəsizliyi vəziyyəti müsbət istiqamətdə 9,44 % dəyişmişdir. Əldə olunan göstəricilərə əsasən 2019-cu illə müqayisədə hər hansı uyğunsuzluq aşkarlanan, həmçinin nəticəsində inzibati xəta aşkarlanan yoxlamaların sayında müsbət dəyişiklik qeydə alınmışdır. Eyni zamanda, qida təhlükəsizliyi ilə bağlı xüsusi təhlükəli hesab edilən bir sıra mikroorqanizmlərin qida məhsullarında aşkar edilməsi üzrə də müsbət istiqamətdə dəyişikliklər qeydə alınmış, nəticədə mikrobioloji təhlükəsizlik göstəriciləri baxımından məhsulların daha etibarlı olduğu müəyyən edilmişdir. Qeyd edək ki, qida məhsullarının rəqabət qabiliyyətini müəyyən edən əsas göstəricilərdən biri də ixrac zamanı idxalatçı ölkələr tərəfindən imtina prosedurlarının tətbiq edilib-edilməməsidir. Bu baxımdan 2020-ci il ərzində qida təhlükəsizliyi göstəriciləri üzrə yalnız 1 imtina halı qeydə alınmış və 2019-cu illə müqayisədə 97% müsbət istiqamətdə dəyişiklik baş vermişdir. Müsbət istiqamətdə baş vermiş dəyişikliklər sırasında qida zəhərlənmələri üzrə əldə olunan nəticələri də xüsusi qeyd etmək lazımdır. Belə ki, həm qida zəhərlənməsi hallarının sayı, həm də zərərçəkənlərin sayı baxımından bu sahədə 2020-ci ildə müvafiq olaraq 9% və 6% azalma qeydə alınmışdır. 2020-ci il üzrə qida təhlükəsizliyi sahəsində mövcud vəziyyəti əks etdirən sənədlə aşağıda linkə daxil olmaqla tanış ola bilərsiniz.   http://afsa.gov.az/uploads/info/warning/analitikb__lleten-09_03_2021_pdf1615971312.pdf [gallery ids="35447,35448,35449"]