Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən İsmayıllı rayonu, Bizlan kəndində yerləşən, fiziki şəxs Qədirov Əhməd Həşim oğluna məxsus ərzaq mağazasında keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Belə ki, sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, işçi heyətin məcburi tibbi müayinəyə cəlb olunmadığı, vaxtaşırı dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı, məhsulların saxlanma qaydalarına riayət olunmadığı, həmçinin yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar satışdan çıxarılıb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.