Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Foodinfo.az xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rusiya Federasiyasının Buryatiya Respublikasında nodulyar dermatit, Portuqaliya Respublikasının Santaren dairəsində, Polşa Respublikasının Nijnesilezsk inzibati ərazisində, Çex Respublikasının Yihomoravsk diyarında, Bolqarıstan Respublikasının Haskovo və Staro-Zaqora vilayətlərində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiya Federasiyasının Buryatiya Respublikasından bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların, o cümlədən Portuqaliya Respublikasının Santaren dairəsindən, Polşa Respublikasının Nijnesilezsk inzibati ərazisindən, Çex Respublikasının Yihomoravsk diyarından, Bolqarıstan Respublikasının Haskovo və Staro-Zaqora vilayətlərindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasının Buryatiya Respublikasından, Portuqaliya Respublikasından, Polşa Respublikasından, Çex Respublikasından və Bolqarıstan Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.