Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Foodinfo.az xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, İndoneziya Respublikasının Açeh və Cava-Timur əyalətlərində dabaq, İsveç Krallığının Skane əyalətində Nyukasl, Bolqarıstan Respublikasının Qabrovo vilayətində, Amerika Birləşmiş Ştatlarının Yuta ştatında, Filippin Respublikasının İsabela, Cənubi Davao, Cənubi Kotabato və Maqindanao əyalətlərində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə İndoneziya Respublikasının Açeh və Cava-Timur əyalətlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, o cümlədən İsveç Krallığının Skane əyalətindən, Bolqarıstan Respublikasının Qabrovo vilayətindən, Amerika Birləşmiş Ştatlarının Yuta ştatından, Filippin Respublikasının İsabela, Cənubi Davao, Cənubi Kotabato və Maqindanao əyalətlərindən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin, quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Amerika Birləşmiş Ştatlarından, İsveç Krallığından, İndoneziya, Filippin və Bolqarıstan respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.