Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) mütəxəssisləri tərəfindən “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda onlayn seminar keçirilib. Foodinfo.az xəbər verir ki, qida sahəsində fəaliyyət göstərən müəssisələrdə HACCP sisteminin işlənib hazırlanması və tətbiqinə, eləcə də istehsalın istənilən mərhələsində məhsulun keyfiyyət və təhlükəsizliyinə cəlb olunan işçilər, keyfiyyətə nəzarət struktur bölməsində çalışan əməkdaşlar, həmçinin qida təhlükəsizliyinə dair biliklərə yiyələnmək istəyən 30-a yaxın şəxs seminarda iştirak edib. Seminar “HACCP qrupunun yaradılması və qrupun tərkibinin müəyyən edilməsi”, “Məhsulun identifikasiyasının təyin edilməsi”, “Emal olunan məhsul və sahələr üzrə təhlükə və risk analizinin müəyyənləşdirilməsi”, “Aparılmış analiz və təhlillər nəticəsində kritik nəzarət nöqtələrinin təyin edilməsi”, “Təyin edilmiş nəzarət nöqtələri üçün kritik limitlərin müəyyən edilməsi”, “Kritik nəzarət nöqtələri üçün monitorinq və zəruri tədbirlərin tətbiqi”, “Aparılan təhlil və fəaliyyətlərin sənədləşmə sisteminin müəyyən edilməsi” mövzularını əhatə edib. Qeyd edək ki, iki gün davam edəcək seminarın sonunda iştirakçılara Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sertifikatları təqdim olunacaq.