Azərbaycan Respublikası və Litva Respublikası arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçirilib. İclasda Agentliyin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev və Litva Respublikasının Dövlət Qida və Baytarlıq Xidmətinin rəis müavini, respublikanın baş dövlət baytarlıq müfəttişi Darius Remeikanın başçılıq etdiyi nümayəndə heyətləri iştirak edib.
Foodinfo.az xəbər verir ki, iclasda qida təhlükəsizliyi və qida məhsullarının monitorinqi sahəsində təcrübə mübadiləsi, həmçinin baytarlıq və qida təhlükəsizliyi sertifikatlarının məzmunu və istifadəsi ilə bağlı qarşılıqlı məsləhətləşmələr müzakirə olunub.
Daha sonra Litva Respublikasının baş dövlət baytarlıq müfəttişi Darius Remeika təmsil etdiyi qurumun qida zəncirinin bütün mərhələlərində “tarladan süfrəyə” prinsipi əsasında qida təhlükəsizliyinə nəzarəti həyata keçirdiyini diqqətə çatdırıb. D. Remeika Litva Respublikasının sərhəd-keçid nəzarət məntəqələrində həyata keçirilən yoxlama-nəzarət tədbirləri və Kaunas şəhərində yerləşən süd və süd məhsullarının analizi laboratoriyası haqqında, Kaunas şəhərində yerləşən süd analizi laboratoriyasının imkanları, burada aparılan analizlərə görə heyvanların xəstəlikləri, onların yem rasionlarının tərkibi, habelə istehsal olunan südün təhlükəsizlik və keyfiyyət göstəricilərinin təyin olunmasının mümkünlüyü barədə məlumat verib. Tərəflər sözügedən təcrübənin birgə istifadə olunması barədə fikir mübadiləsi aparıblar.
İclasda Agentliyin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev son illər ölkəmizdə həyata keçirilən heyvan sağlamlığı və baytarlıq nəzarəti tədbirləri haqqında məlumat verib. Q. Əbdüləliyev qarşılıqlı əməkdaşlığın səmərəli olacağını, eyni zamanda sərhəd keçid məntəqələri və laboratoriyalarla bağlı birgə işlərin qurularaq təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb.
Sonda ölkələr arasında qida təhlükəsizliyi sahəsində əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik vurğulanıb.