Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, Agentik əməkdaşları tərəfindən İsmayıllı şəhəri, H. Əliyev prospektində fəaliyyət göstərən, fiziki şəxs Əliyev Azad Gülməmməd oğluna məxsus “Qala” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub. Yoxlama zamanı müvafiq portalda (icaze.e-gov.az) qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu, həmçinin pandemiya dövrünün tələblərinə əsasən, sıxlıq normalarının gözlənilmədiyi müəyyən olunub. Aşkar olunmuş pozuntularla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.