Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan baytarlıq, fitosanitar və qida təhlükəsizliyi nəzarətində olan məhsullara nəzarət tədbirləri davam etdirilir. Agentlikdən Foodinfo.az-a bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən İspaniya Krallığından Azərbaycan Respublikasına idxal olunan “Diamond seeds” toxum şirkətinə məxsus pomidor toxumuna baxış keçirilib. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsulda qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkar edilib. Agentlik tərəfindən virus aşkarlanan pomidor toxumlarının satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb və məhsul məhv edilib. Həmçinin İstehsalçı ölkənin müvafiq qurumuna Azərbaycan Respublikasının ərazisinə idxal olunan bitki və bitkiçilik məhsullarında Azərbaycan Respublikasının fitosanitar tələblərinin və 13 №-li FTBS-in (Fitosanitar tədbirlər üzrə beynəlxalq standart) tələblərinin pozulmasına dair bildiriş göndərilib və qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür. Qeyd edək ki, Agentlik qida zənciri yanaşmasına uyğun olaraq, qida məhsullarının istehsalında istifadə olunan toxum məhsullarından başlayaraq qida zənciri boyunca məhsulların fitosanitar və baytarlıq tələblərinə uyğunluğunun nəzarətini həyata keçirir. Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin diqqətinə çatdırır ki, ölkəyə gətirdikləri toxumların bitki mənşəli viruslardan və zərərvericilərdən azad olunmasına ciddi nəzarət etsinlər. Həmin viruslarla sirayətlənmiş toxumların ölkədə əkinçilikdə istifadəsi məhsulların, bitkilərin viruslara yoluxması ilə nəticələnə bilər. Bu cür sahibkarlara qarşı çox ciddi tədbirlər görüləcək.