Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
AQTA-dan Foodinfo.az-a verilən xəbərə görə, Agentlik əməkdaşları tərəfindən Tovuz rayonu, Düz Qırıqlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Rəşad Arzuman oğluna məxsus bitki mühafizə vasitələrinin satış məntəqəsində keçirilən planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, yararlılıq müddəti bitmiş 21 ədəd (Agrikelp 1 ədəd 5l, Didifos 55 EC 20 ədəd 1l) pestisid və aqrokimyəvi maddə aşkar olunub. Aşkar edilmiş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib, istehlak üçün yararsız 25 litr pestisid və aqrokimyəvi maddə satışdan kənarlaşdırılıb. Sahibkara müvafiq qanunvericiliyin tələbləri izah edilib və nöqsanların qısa zamanda aradan qaldırılması barədə göstəriş verilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.