Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) UNICEF və Təhsil Nazirliyi ilə birgə reallaşdırdığı “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi davam etdirilir. Layihə çərçivəsində həyata keçirilən növbəti onlayn təlim “Qida mənşəli xəstəliklər, heyvandan insana keçən xəstəliklər” mövzusuna həsr olunub.
Foodinfo.az-ın xəbərinə görə, AQTİ mütəxəssisi tərəfindən tədris olunan təlimdə mövzu ilə bağlı videoçarx nümayiş olunub. 30 nəfərin iştirakı ilə baş tutan təlimdə iştirakçılara qida təhlükəsizliyinə təsir edən risk faktorlarından bəhs edilib. Daha sonra heyvanlardan insanlara, eləcə də, insanlardan heyvanlara keçə bilən, insan və heyvanlar üçün ümumi olan yoluxucu xəstəliklər - zoonoz xəstəliklərdən və onların yayılma yollarından söz açılıb. Həmçinin iştirakçılara bruselyoz, qarayara, toksoplazmoz, quş qripi, quduzluq kimi xəstəliklərin törədiciləri, zoonoz infeksiyalardan qorunmaq məqsədilə tələb olunan müvafiq profilaktik tədbirlər haqqında ətraflı məlumat verilib. Təlim mövzu ətrafında aparılan qarşılıqlı müzakirələrlə yekunlaşıb.
Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində təşkil olunan onlayn seminarlar ümumilikdə 12 mövzunu əhatə edir. Seminarların yekununda keçiriləcək imtahanlarda uğur qazananlar “Məktəblilərin qida bələdçiləri” nişanı ilə təltif olunacaqlar.