Taralarla daşınan və ya taralarda saxlanılan toxumlardan nümunələrin götürülməsi müvafiq tələblərə uyğun həyata keçirilir.
Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilən “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”a əsasən, kisə və yaxud paketlərdə qablaşdırılmış toxumlardan nümunələr partiyanın müxtəlif yerlərindən götürülmüş kisələrdən (torbalardan, paketlərdən) müvafiq miqdarda götürülür.
Toxum nümunələrinin götürülməsi üçün seçilmiş kisələrin miqdarı (qıçalı qarğıdalı istisna olmaqla) müvafiq qaydalara uyğun olur. Belə ki, partiyadakı kisələrin sayı 10-a qədər olduqda bütün kisələr, 11-30 aralığında olduqda hər üçüncü kisə (5-dən az olmamaqla), 31-400 aralığında olduqda hər beşinci kisə (10-dan az olmamaqla), 401-1000 aralığında olduqda hər yeddinci kisə (80-dən az olmamaqla), 1000-dən çox olduqda hər onuncu kisə (120-dən az olmamaqla) seçilir.
Partiyadan seçilmiş hər kisədən nöqtəvi nümunələr götürülür. Nümunələrin götürülmə yerini kisənin üst, orta və alt hissəsindən olmaqla növbələşdirirlər. Açıq (sökülmüş) kisələrdən nöqtəvi nümunələr konus və ya silindirşəkilli şuplarla, tikili kisələrdən isə kisə şupları ilə dəlik açmaqla götürülür. Nümunələr müfəttiş tərəfindən götürüldükdən sonra açılmış dəlik sahibkar tərəfindən bağlanmalıdır. Kağız kisələrdə açılan dəliklər nümunə götürüldükdən dərhal sonra, qalın kağızla və yaxud yapışqan lentlə (ölçüləri ən azı 70х70 mm olmalı) yapışdırılmalıdır. İri və az dənəvər toxumlardan nümunələr (sökülmüş kisələrdən) əl ilə götürülür. Paketlərin sayı 1000-dən çox olmayan partiyalarda paketləşdirilmiş (qablaşdırılmış) toxumlara baxış zamanı götürüləcək paketlərin miqdarı müvafiq qaydada olmalıdır. Belə ki, paketdə toxumun çəkisi 0.1 kq-a qədər olduqda seçilən paketlər 2, 0.2 kq-dan 0.5 kq-a qədər olduqda 1.5, 0.6 kq-dan 1.0 kq-a qədər olduqda 1, 1.1 kq-dan 3.0 kq-a qədər olduqda 1, 3.1 kq-dan 10.0 kq-a qədər olduqda 1 faiz, lakin 10 ədəddən az olmamaqla götürülür. 1000-dən çox paket olan partiyalardan hər növbəti miqdarın 0,5%-i qədər əlavə nümunə götürülür. Bu halda seçimə düşən hər bir paketin içərisindəki bütün toxumlar nöqtəvi nümunələr hesab olunur.