Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. Agentlik əməkdaşları tərəfindən Tovuz rayonu, Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Namiq Arif oğluna məxsus ət satışı mağazasında monitorinq keçirilib. Agentlikdən Foodinfo.az-a bildirilib ki, yoxlama zamanı satışı həyata keçirilən ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, eyni zamanda müəssisədə sanitar-gigiyenik qaydalara riayət olunmadığı, çalışan işçinin qoruyucu tibbi maskadan, müvafiq geyimdən istifadə etmədiyi və tibbi müayinədən keçmədiyi aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisədə qida təhlükəsiliyi sahəsində texniki normativ hüquqi aktların təmin edilməsi üçün icrası məcburi göstərişlər verilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.