Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, agentlik əməkdaşları tərəfindən Xızı rayonu, Yeni Yaşma kəndində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Qiyas Məmmədtağı oğluna məxsus “Kafe Yaşma” ictimai iaşə müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisənin qida təhkükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi məlum olub. Kafedə texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyenik qaydalara əməl olunmadığı, xammalların müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Eyni zamanda kafedə çalışan işçilərin xüsusi geyimdən istifadə etmədiyi, ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən edilib. Müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırlması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilmişdir. Aşkar edilmiş nöqsanlarla əlaqədar ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
[gallery ids="36123,36124,36125,36126"]