“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti orqanlar ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir. Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən bu dəfə aidiyyəti dövlət orqanlarının əməkdaşları ilə birgə paytaxtın Yasamal rayonu ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində reyd keçirilib. Reyd zamanı, Bakı şəhəri, Yasamal rayonu, M. Xiyabani küçəsi 23 ünvanında fiziki şəxs Zeynalov Rövşən Raqif oğluna, A. Abbasov küçəsi 68 ünvanında Hacıbaba Aşumova, A. Abbasov küçəsi ilə A. M. Şərifzadə küçəsinin kəsişməsində yerləşən Osmansoylu Vüsal Osman oğluna, Bəşir Səfəroğlu küçəsi 124 ünvanında Quliyev Urxan Elxan oğluna məxsus ət satışı mağazalarına baxış keçirilib. Həmin məntəqələrdə heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən edilib. Aşkarlanan nöqsanlarla bağlı qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib, yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən, yol kənarlarında qanunsuz olaraq quraşdırılan dəmir konstruksiyalar sökülüb. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır. [gallery ids="44616,44617"]