Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Qazax rayonu, Daş Salahlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Məşədiyev Röşən İsmayıl oğluna məxsus “İsmayıl” şadlıq sarayında pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Baxış zamanı müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu, həmçinin sıxlıq normalarına əməl edilmədiyi, normadan artıq qonaq qəbul olunduğu müəyyən olunub. Aşkar olunmuş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq  müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib. AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir. [gallery ids="44950,44951"]