Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Növbəti belə tədbiri AQTA əməkdaşları Daxili İşlər Nazirliyinin nümayəndələri ilə birgə Salyan rayonunda keçirib. Agentlikdən Foodinfo.az-a bildirilib ki, birgə əməliyyat zamanı Salyan rayonunda heyvan kəsimi sexi görüntüsü adı altında pərdələnərək istehlak üçün yararsız, ölü at və iribuynuzlu heyvan ətlərinin satışı ilə məşğul olan şəxslər ifşa olunub. Salyan rayon sakini Elçin Kərimova məxsus fermaya baxış keçirilərkən istehlak üçün yararsız, mənşəyi məlum olmayan 10 ton mal və at əti aşkarlanıb. Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təhvil verilib. Təyin olunan müvafiq ekspertizalarla aşkar olunmuş ətin istehlak üçün tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması öz təsdiqini tapıb. Faktla bağlı araşdırmalar davam etdirilir.