Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. AQTA-dan Foodinfo.az-a bildirilib ki, agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük savxozunun ərazisində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Röyal Allahverdi oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, sanitariya norma və qaydalarına, gigiyena tələblərinə əməl olunmadığı aşkar olunub. Eyni zamanda müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisədə süd məhsullarının istehsalının dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, texniki normativ hüquqi aktların təmin edilməsi üçün icrası məcburi olan göstərişlər verilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır. [gallery ids="36849,36850,36851"]