Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Bünyadov küçəsi v3, mənzil 7 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Kozlovskaya Nina Yevgenyevnaya məxsus süd məhsullarının istehsalı müəssisəsində aparılmış planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi məlum olub. Belə ki, müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətə, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə və temperatur rejminə riayət olunmur, süd məhsullarının ilkin istehsalı, istehsalı və qablaşdırılması eyni sahədə həyata keçirilir. Həmçinin istehsal olunan qatıq və dovğa məhsullarının tərkibi ilə etiketlənməsində uyğunsuzluqlar, üzərində istehsal və son istifadə tarixi qeyd olunmayan məhsullar və digər nöqsanlar aşkar edilib. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Müəssisədə istehsalın dayandırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
[gallery ids="47825,47826,47827"]