Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində fəaliyyət göstərən “Grand Qafqaz” ticarət mərkəzində keçirilən planlı yoxlama zamanı baytarlıq sanitariya ekspertizası olmadan heyvan mənşəli məhsulların, müxtəlif əmtəə nişanı ilə kərə yağı adı altında bitki tərkibli spred yağların satışa çıxarıldığı aşkar olunub. Həmçinin mal qonşuluğu prinsipinin, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilib, uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.