Yarma və undan nümunə götürülməsi müvafiq tələblərə uyğun həyata keçirilir.

 Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da bildirilir. Təlimata əsasən, yarma və un məhsulları üzrə daşınma prosesləri bağlama vahidi kimi kisələrdən istifadə edilir.

Kisələrlə daşınan yarma və un məhsullarından götürüləcək nümunələrin sayı partiyadakı kisələrin ümumi sayından asılıdır. Belə ki, partiyada olan kisələrin sayı 5 ədədə qədər olduqda bütün kisələrdən, 6-dan 100-ə qədər olduqda 5-dən az olmayaraq, 101-dən 300-ə qədər olduqda 7-dən az olmayaraq, 301-dən 1000-ə qədər olduqda 10-dan az olmayaraq, 1000-dən çox olduqda isə 10 və hər sonrakı 1000 kisə üçün əlavə 2 kisədən nümunə götürülür. Hər kisədən 200-300 qram un götürülür və bu 1 nöqtəvi nümunə hesab edilir. Hərəkətdə olan (konveyerdə) məhsuldan nöqtəvi nümunələr nümunəgötürücü və ya çalov vasitəsi ilə bərabər intervallarla (ən azı hər 2 saatdan bir) elə hesabla götürülür ki, ilkin nümunənin kütləsi hərəkətdə olan məhsulun hər 1 tonuna 50 qramdan az olmasın. Nümunənin ümumi kütləsi 200-300 qram olmalıdır. Yüklənmiş un daşıyan avtomobillərdən nümunələr şuplar vasitəsi ilə yüklənmə lyukundan iki qatdan – üst səthdən 10 sm dərinlikdən və alt qatından 15 sm məsafədə götürülür. İlkin nümunənin kütləsi ekspertiza nümunəsinin kütləsindən az olmamalıdır.