Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, tədbirlər çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 42-44 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Həsənov Yusif Rafiq oğluna məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama həyata keçirilib.
Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçilərin dövri tibbi müayinədən keçmədiyi müəyyən edilib. Həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinə dair müqavilə ilə akt yoxlamaya təqdim olunmayıb.
Aşkarlanmış pozuntularla bağlı müəssisənin sahibi inzibati qaydada məsuliyyətə cəlb edilib. Həmçinin müəssisədə istehsalın dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul olunub. Eyni zamanda müəssisənin rəhbərliyinə icrası məcburi göstərişlər verilib və qanunvericiliyin tələbləri izah edilib.