Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisinin köçəri quşların yaz və payız miqrasiya marşrutlarının üzərində yerləşdiyini və müxtəlif ərazilərimizdə onların daimi və müvəqqəti məskənlərinin olmasını nəzərə alaraq, yüksək patogen quş qripi xəstəliyinə qarşı dövri olaraq epizootoloji monitorinqlər keçirir. Foodinfo.az-ın məlumatına görə, monitorinqlərin keçirilməsi üçün Agentlik Aparatının, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ), Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin (HSBXM), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin (BMQX) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin (XTİNM) əməkdaşlarından ibarət İşçi Qrupu yaradılıb. 2022-ci ilin 11-15 aprel tarixlərində keçirilmiş monitorinqlərdə Agentliyin, HSBXM-nin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin, XTİNM-nın, BMQX-nin ərazi üzrə ovçuluq təsərrüfatı və milli parklarının əməkdaşları və mütəxəssisləri iştirak edib. Monitorinqlər zamanı Şabran və Xızı rayonlarındakı Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalarında və digər ərazilərdə çöl quşlarına ümumi baxış keçirilib. Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 57 baş müxtəlif növ çöl quşu ovlanıb və onlardan patoloji materiallar götürülüb. Bu müddətdə Bakı şəhərindəki, Xaçmaz, Siyəzən, Lənkəran, Ucar, Beyləqan, Neftçala, Hacıqabul və Abşeron rayonlarındakı 12 sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisəsində 120 baş quşdan, Bakı şəhəri, Abşeron, Qobustan, Şabran, Xızı, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı ailə təsərrüfatlarından isə müxtəlif növ 400 baş ev quşundan laboratoriya müayinəsi üçün qan nümunələri götürülüb, quş damlarına ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb. Çöl və ev quşlarından götürülmüş nümunələr AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində YPQQ xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Qeyd edək ki, quşçuluq təsərrüfatlarında kütləvi tələfata səbəb olan və böyük iqtisadi itki ilə nəticələnən yüksək patogen quş qripi (YPQQ) xəstəliyi insanlar üçün təhlükə törədən zoonoz xəstəlikdir və ciddi epizootoloji risk kimi qiymətləndirilir. Xəstəliyin yayılmasına sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan müxtəlif növ ev quşları, köçəri və daimi məskunlaşmış çöl quşları səbəb olur.