Qidalanma üzrə mütəxəssislər zülal qəbulunun normadan artıq olmasının sağlamlıq üçün təhlükə yarada biləcəyini bildirirlər. Foodinfo.az xəbər verir ki, Lenta.ru-ya açıqlama verən qidalanma mütəxəssisi Yuliya Orlova gündə bədən çəkisinin hər kiloqramına 2,5–3 qramdan çox zülal qəbul etməyin əlavə fayda vermədiyini, əksinə, ciddi fəsadlara səbəb ola biləcəyini deyib. Bu barədə məlumat Sports.kz tərəfindən yayımlanıb.

Mütəxəssisin sözlərinə görə, zülalın həddindən artıq qəbulu orqanizmdə su-duz tarazlığının pozulmasına və böyrəklərin artıq yüklənməsinə gətirib çıxara bilər. Böyrəklər zülal mübadiləsinin nəticəsində yaranan maddələri süzməyə məcbur olduğundan, normadan artıq zülal onların fəaliyyətini çətinləşdirir.

Orlova əlavə edib ki, qidalanmanın zülal tərəfə yönəlməsi digər vacib maddələrin — lifin, vitaminlərin və mürəkkəb karbohidratların çatışmazlığına səbəb olur. Bu isə həzm prosesinin zəifləməsi, bağırsaq fəaliyyətinin ləngiməsi və ümumi enerji balansının pozulması ilə nəticələnə bilər.

Mütəxəssis qeyd edib ki, yağlı ət məhsullarının çoxluğu həmçinin qanda xolesterinin yüksəlməsinə, bunun da ürək-damar sağlamlığı üçün əlavə risk yaratmasına səbəb olur.

Orlova tövsiyə edir ki, rasion tərtib edilərkən zülal, karbohidrat və yağ arasında tarazlıq qorunmalı, gündəlik menyuya kifayət qədər tərəvəz, meyvə və tam taxıl məhsulları daxil edilməlidir.