Avokado, tərkibində olan zəngin vitaminlər və faydalı yağlarla dəri sağlamlığının qorunmasında olduqca mühüm rol oynayır. Bu meyvə xüsusilə E, C və B vitaminləri, həmçinin omeqa-9 yağ turşusu ilə zəngindir. Bu komponentlər dərini nəmləndirir, elastikliyini qoruyur və yaşlanma prosesini ləngidir.

Foodinfo.az bildirir ki, E vitamini dərinin hüceyrə quruluşunu qoruyur və sərbəst radikallarla mübarizə apararaq dərinin vaxtından əvvəl qırışmasının qarşısını alır. C vitamini isə kollagen sintezini stimullaşdıraraq dərinin daha gənc və parlaq görünməsinə səbəb olur. B vitaminləri isə hüceyrə bərpasını dəstəkləyir və dəriyə təbii parlaqlıq verir.

Avokadonun tərkibində olan faydalı yağlar, dərinin quruluğunu aradan qaldırır və xüsusilə quru iqlim şəraitində və ya dəridə çatlar olan şəxslər üçün çox faydalıdır. Bu meyvə həm də iltihabəleyhinə təsir göstərərək sızanaq və ekzema kimi dəri problemlərinin qarşısını almağa kömək edir.

Avokadonun tərkibində olan lutein və zeaksantin adlı maddələr də dərini ultrabənövşəyi şüaların zərərindən qoruyur. Təzə avokadonun həm daxilə, həm də xaricə tətbiqi ilə dəri sağlamlığına ikiqat təsir əldə etmək mümkündür. Dəri maskaları və təbii nəmləndiricilər kimi istifadə olunduqda da təsiri yüksək olur.