Heyvan mənşəli qida məhsullarının saxlanılması və daşınması necə həyata keçirilməlidir? 

Heyvan mənşəli qida məhsulları su keçirməyən, paslanmayan, asan yuyula və dezinfeksiya edilə bilən qablarda saxlanmalı və daşınmalıdır. 

Foodinfo.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normları və qaydaları”na əsasən, heyvan mənşəli qida məhsullarının saxlanması “mal qonşuluğu” və “ilk daxil olan ilk çıxar” prinsipinə əsasən həyata keçirilməlidir. “Mal qonşuluğu” prinsipinə əsasən, sub məhsullar (böyrəklər, beyin, ürək, qaraciyər, dalaq və s.) digər heyvan mənşəli qida məhsullarından ayrılıqda ayrı soyuducu və dondurucularda saxlanılmalıdır. Bu məhsullar yalnız qablaşdırılmış və bir-birindən təcrid olunmuş halda eyni soyuducuda və dondurucularda saxlanıla bilər.

Qablaşdırma həyata keçirilən otaqlarda “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamadan keçmiş termometr olmalı, temperatur rejiminə daim nəzarət edilməli və bununla bağlı temperatur cədvəlində qeydlər aparılmalıdır. Daşınma üçün istifadə olunan və müvafiq soyuducu sistemə malik olan nəqliyyat vasitələri (refrijerator) təmiz saxlanılmalı, dezinfeksiya edilməli, digər qida məhsullarının daşınması üçün istifadə edilməməli, əgər belə hal baş verərsə, nəqliyyat vasitələri ət və ət məhsulları daşınmazdan əvvəl yenidən təmizlənib, dezinfeksiya edilməlidir.